Britaniya kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qalasının yaxınlığındakı malikanədən çıxarılacaq və kral ailəsinə məxsus Sandringem ərazisində kənd evinə köçürüləcək. Bu barədə “Daily Mail” nəşri yazır.
30 oktyabrda kral III Çarlz Endryunu titullarından məhrum edib və “Royal Lodge” malikanəsini tərk etməsini tələb edib. İlkin olaraq nüfuzdan düşmüş şahzadə mərhum atası, II Elizabetin həyat yoldaşı şahzadə Filippin yaşadığı beşotaqlı kottecə köçmək istəyib. Lakin bu variant rədd edilib: kral hesab edib ki, Endryu kral ailəsindən mümkün qədər uzaqda yaşamalıdır.

Nəticədə ona Sandringem ərazisində yerləşən ferma evinə köçmək təklif olunub. Sözügedən ev kralın əsas iqamətgahından 11 kilometrdən çox məsafədə yerləşir. Oraya aparan yol asfaltlanmayıb. Evdə mətbəx, iki qonaq otağı və həyətdə bir neçə yardımçı tikili var.
Mənbələrin bildirdiyinə görə, ev hazırda yaşayış üçün yararsızdır və ciddi təmirə ehtiyac duyur. Bundan əlavə, evin ölçüsü Endryuya məxsus bütün əşyaların yerləşdirilməsi üçün kifayət etmir.
Endryu uzun illər yetkinlik yaşına çatmamış qızlara qarşı cinsi zorakılıq ittihamları ilə üzləşib. Ən səs-küylü qalmaqal amerikalı Virciniya Roberts-Cuffre ilə bağlı olub. O iddia edirdi ki, 17 yaşında olarkən şahzadə ilə cinsi əlaqəyə məcbur edilib.
2025-ci ilin aprelində Roberts-Cuffre vəfat edib. Oktyabr ayında isə onun xatirə kitabı nəşr olunub. Kitabda o, yaşadıqlarını, o cümlədən Endryu ilə bağlı iddia edilən orqiyalar barədə də danışıb.
Kitabın nəşrindən bir neçə gün əvvəl Endryu kralın təzyiqi altında hersoq titulundan istifadə etməyəcəyinə söz verib. Bundan qısa müddət sonra Bukingem sarayı onun bütün titullardan tam məhrum ediləcəyini və “Royal Lodge”dan çıxarılacağını açıqlayıb.