"ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyata başlaması əslində qisas xarakteri daşıyır. Çünki dekabrın 13-də İŞİD tərəfindən Suriyada Vaşinqton və Dəməşq qüvvələrinə hücum həyata keçirilmişdi. Həmin hücum nəticəsində amerikalı iki əsgər və bir tərcüməçi həlak oldu, daha üç əsgər isə yaralandı".
DenMedia.az xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib.
“Hazırda müəyyən təhlükəsizlik boşluqları mövcuddur və bu boşluqlardan bəzi radikal qruplar, o cümlədən İŞİD fəal şəkildə istifadə edir. Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın ABŞ-la yaxınlaşmasından sonra bu qruplar onu və formalaşdırdığı hökuməti açıq şəkildə düşmən elan ediblər. Vaşinqton isə bu prosesdə həm İŞİD-ə qarşı mübarizə aparır, həm də Əl Şaraa hökumətinə dəstək göstərir. Ehtimal etmək olar ki, yaxın perspektivdə Suriya ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq daha da genişlənəcək. Təsadüfi deyil ki, Suriyanın mövcud hökuməti keçirilən əməliyyatı dəstəklədiyini və terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib.

Zeynal Əmrəliyev
Aparılan əməliyyat bir daha Suriyada İŞİD təhlükəsinin hələ tam aradan qalxmadığını göstərir. Bu isə ciddi təhlükəsizlik problemi deməkdir. Görünən odur ki, yaxın dövrdə bu tip əməliyyatların şahidi olmağa davam edəcəyik. Ümumilikdə isə ABŞ öz müttəfiqləri ilə birlikdə Yaxın Şərqdə radikal qruplara qarşı daha sistemli və sərt əməliyyatlar həyata keçirməlidir. Əks halda, bunun həm region ölkələri, həm də ABŞ üçün ciddi və uzunmüddətli nəticələri ola bilər”.(Globalinfo.az)