Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun Gəncədə növbəti məhkəmə prosesi başlayıb.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərdən K. Əsədov məhkəmənin girişində jurnalistlərin suallarını cavablandırmayıb. Proses bu dəqiqələrdə başlayıb.
Məlumat üçün bildirək ki, ittiham aktına görə, K. Əsədov və G. Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.