Göyçay rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Veysəlli kəndində fəaliyyət göstərən modul tipli ibtidai məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumat kənd sakinlərinin narazılığına səbəb olub.
Kənd sakinləri DenazTV-yə müraciət edərək bildiriblər ki, məktəb bağlanacağı təqdirdə ibtidai sinif şagirdlərinin təxminən 7–8 kilometr məsafədə yerləşən Şəkər kənd tam orta məktəbinə göndərilməsi nəzərdə tutulur. Onların sözlərinə görə, bu məsafə azyaşlı uşaqlar üçün həm təhlükəlidir, həm də ailələr üçün ciddi çətinlik yaradır.
Sakinlər bildirirlər ki, xüsusilə payız və qış aylarında hər gün bu yolu qət etmək ibtidai sinif şagirdlərinin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Kənd əhalisinin əksəriyyəti işlədiyindən valideynlərin uşaqları hər gün məktəbə aparıb-gətirməsi də mümkün olmur.
Hazırda məktəbdə iki müəllim fəaliyyət göstərir və 23 şagird təhsil alır. Kənd sakinləri müəllimlərin işindən razı olduqlarını, dərslərin vaxtında və keyfiyyətlə keçirildiyini bildirirlər.
Göyçay şəhərindən təxminən 25 kilometr məsafədə yerləşən, 79 təsərrüfatı olan Veysəlli kəndinin sakinləri məktəbin fəaliyyətinin davam etdirilməsini istəyirlər. Onlar qeyd edirlər ki, məktəb bağlanarsa, azyaşlı övladlarını başqa kənddə yerləşən məktəbə göndərmək istəmirlər.
Kənd sakinləri aidiyyəti qurumlara müraciət edərək modul tipli ibtidai məktəbin fəaliyyətinin dayandırılmamasını, uşaqların öz doğma kəndlərində təhsillərini davam etdirmələri üçün lazımi tədbirlərin görülməsini xahiş edirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən DenazTV-nin sorğusuna cavab olaraq bildirilib ki, 2026-2027-ci tədris ilində şagird sayının az oluğu Göyçay rayonu Veysəlli kənd ibtidai ümumtəhsil məktəbinin optimallaşdırılması proqnozlaşdırılır. Hazırda bununla bağlı bütün məsələlər aidiyyəti üzrə ətraflı təhlil olunur. Qeyd olunub ki, proses çərçivəsində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə təhsilverənlərin və təhsilalanların hüquq və mənafelərinin qorunması diqqət mərkəzində saxlanılacaq. Adıçəkilən modul tipli məktəbdə təhsil alan şagirdlərin yaxınlıqda yerləşən ümumi təhsil müəssisələrinə yerləşdirilməsi və xüsusi nəqliyyat vasitəsi ilə daşınması nəzərdə tutulub .