Geri qayıt Çap et

Məktəblər açılır – DYPİ sürücülərə və valideynlərə xəbərdarlıq etdi

Yeni tədris ilinin başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, valideynlərə və şagirdlərə müraciət edib.

DYPİ-dən Denmedia.az-a verilən məlumata görə, dərslərin başlaması ilə xüsusilə səhər və axşam saatlarında yollarda hərəkət intensivliyinin artacağı, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranacağı gözlənilir.

İdarə sürücüləri təhsil müəssisələrinin yaxınlığında daha diqqətli olmağa çağırıb. Məktəb və bağçaların ətrafında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə və hərəkətə mane olan yerlərdə saxlanılmamalıdır.

Valideynlərə tövsiyə olunur ki, uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız icazə verilən və təhlükəsiz yerlərdə saxlasınlar. Eyni zamanda uşaqların avtomobildən səki istiqamətində düşüb-minməsinə nəzarət edilməlidir.

Şagirdlər isə yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər.

DYPİ vurğulayıb ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir.

“Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir”, – deyə müraciətdə bildirilib.