ABŞ dövlət katibi Marko Rubio “Nvidia” şirkətinin rəhbəri Censen Huanın istefasına səbəb olan hadisələrdə mühüm rol oynayıb.
“The Washington Post” nəşrinin keçmiş ABŞ rəsmilərinə və məlumatlı mənbələrə istinadən yazdığına görə, Rubio Huanın Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla münasibətləri barədə məlumatlardan istifadə edərək onun Prezident Donald Tramp üzərindəki təsirini zəiflətməyə çalışıb.
Rubionun Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hesabatı əsasında Tramp üçün xüsusi məxfi sənəd hazırladığı bildirilir. Nəşrin mənbələrinə görə, dövlət katibi kəşfiyyat məlumatlarını daha qəti ifadələrlə təqdim edib.
Sənədin məzmununun mediaya sızması Huanın noyabrın 12-də istefası ilə nəticələnən hadisələrə təkan verib.
Məlumata əsasən, Tramp administrasiyasının bəzi yüksəkvəzifəli nümayəndələri Huanın prezidentə təsirindən narazı olublar. Buna səbəb onun süni intellekt çiplərinin Çinə satışına icazə verilməsi üçün fəal lobbiçilik aparması olub.
Keçmiş rəsmilərdən biri Huanın çinli casus olduğu ehtimal edilən qadınla münasibətlərinə dair məlumatları administrasiyanın əlinə keçən “nüvə bombası” ilə müqayisə edib.
“Onlar Censenin prezident üzərindəki təsirini məhv etmək istəyirdilər”, – deyə mənbə bildirib.
Huan isə Çinə çip satışının davam etdirilməsinin Çin şirkətlərini ABŞ texnologiyalarından asılı saxlayacağını müdafiə edib.
Nəşr yazır ki, Huanın Trampla yaxın münasibətləri “Nvidia”nın ixrac icazələrini daha sürətli əldə etməsinə də kömək edib.