Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran yeni qaydalar noyabrın 1-dən qüvvəyə minib.
Takvim qəzetinin məlumatına görə, qadağa ölkədə fəaliyyət göstərən həm yerli, həm də xarici sosial media platformalarına şamil edilir.
Yeni qaydalara əsasən, sosial şəbəkələrdə hesab açmaq istəyən istifadəçilər şəxsiyyətlərini dövlətin elektron xidmət portalı olan “e-Devlet” vasitəsilə təsdiqləməli olacaqlar.
Yoxlama zamanı istifadəçinin yaş kateqoriyasını təsdiqləyən xüsusi rəqəmsal token yaradılacaq. Sosial media platformaları həmin token əsasında şəxsin müəyyən edilmiş yaş həddinə uyğun olub-olmadığını yoxlayacaqlar.
15 yaşı tamam olmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək.
Qaydalar 15–17 yaşlı yeniyetmələr üçün də əlavə məhdudiyyətlər nəzərdə tutur. Onların hesablarında məxfilik tələbləri sərtləşdiriləcək və müəyyən funksiyalardan istifadə məhdudlaşdırılacaq.
Yeni qeydiyyatlar üçün tətbiq edilən qaydalara əsasən, mövcud hesabların yaş təsdiqi proseduruna uyğunlaşdırılması üçün 31 mart 2027-ci ilədək vaxt verilib.