Geri qayıt Çap et

Kristin Laqardın üzündəki sarğıların sirri açıldı

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard istefa qərarını açıqladığı videoda üzündəki sarğılarla diqqət çəkib. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülərdən sonra o, dəri xərçənginə görə kiçik cərrahi əməliyyat keçirdiyini bildirib.

“Politico” nəşrinin məlumatına görə, 70 yaşlı Laqard bank əməkdaşlarına göndərdiyi videomüraciətdə üzündəki sarğıların səbəbini açıqlayıb.

“Bilirəm, bir az qəribə görünürəm. Bu, Taylandda kikboksinqlə məşğul olmağımla bağlı deyil. Sadəcə, götürülməsi lazım olan kiçik dəri xərçəngi idi”, – deyə o zarafatla bildirib.

Laqard daha sonra sosial şəbəkədə də açıqlama yayaraq həftənin əvvəlində kiçik əməliyyat keçirdiyini təsdiqləyib. O, insanları həkim tövsiyələrinə əməl etməyə və dərilərini mütəmadi yoxlatdırmağa çağırıb.

Oktyabrın 29-da Laqard Avropa Mərkəzi Bankının prezidenti vəzifəsindən 2027-ci il fevralın 7-də ayrılacağını açıqlayıb.

Onun səlahiyyət müddəti əslində 2027-ci ilin oktyabrında başa çatmalı idi. Beləliklə, Laqard vəzifəsini təxminən doqquz ay əvvəl tərk edəcək.

Laqard qərarını pul siyasətindən kənar məsələlərdə də fikirlərini sərbəst ifadə etmək və ictimai müzakirələrdə iştirak etmək istəyi ilə izah edib.

2019-cu ildən Avropa Mərkəzi Bankına rəhbərlik edən Laqardın yerinə yeni prezident Avropa İttifaqının müəyyən etdiyi qaydalar əsasında təyin olunacaq.

Denmedia.az