ABŞ-də həm Respublikaçılar, həm də Demokratlar Partiyasını təmsil edən senatorlar Prezident Donald Trampı Rusiya ilə dizel yanacağı tədarükü üzrə razılaşmadan geri çəkilməyə çağırıblar.
Senatorların fikrincə, razılaşma ABŞ-nin Rusiyadan enerji məhsullarının idxalını məhdudlaşdıran qanunvericiliyinə zidd ola bilər.
Birgə bəyanatı 4 respublikaçı və 3 demokrat olmaqla 7 senator imzalayıb. Onlar xatırladıblar ki, Konqres 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinin qarşısını almaq məqsədilə Rusiya enerji məhsullarının idxalına qadağa qoyub.
Senatorlar, həmçinin Tramp administrasiyasının qərardan əvvəl Konqreslə məsləhətləşmədiyini və atılan addımla bağlı qanunvericilərə izahat təqdim etmədiyini bildiriblər.
“ABŞ Rusiya Ukraynada müharibəni davam etdirdiyi bir vaxtda Vladimir Putinə maliyyə dəstəyi verməməlidir. Administrasiya dərhal bu qərardan geri çəkilməlidir”, – senatorların bəyanatında qeyd olunub.
Respublikaçı senator Tom Tillis isə razılaşmanın qanunsuz ola biləcəyini bildirib.
Tramp administrasiyası ittihamlarla razılaşmır. ABŞ-nin maliyyə naziri Skott Bessent hökumətin mövcud hüquqi səlahiyyətlərindən istifadə etdiyini və razılaşmanın dizel qiymətlərinin aşağı salınmasına xidmət etdiyini deyib.
Xatırladaq ki, Tramp daha əvvəl Rusiya ilə razılaşma nəticəsində 300 min tondan çox dizelin dərhal bazara çıxarılacağını, növbəti aylarda isə əlavə tədarüklərin həyata keçiriləcəyini açıqlamışdı.