Geri qayıt Çap et

“Həyətə belə çıxa bilmirik” – Los-Ancelesdə Qərbi Nil virusu rekord həddə çatdı

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində Qərbi Nil virusuna yoluxma hallarının sayı son təxminən 10 ilin ən yüksək səviyyəsinə çatıb.

“The Guardian”ın məlumatına görə, bu il bölgədə 180-dən çox yoluxma halı qeydə alınıb. Mütəxəssislər artımı ağcaqanadların sayının kəskin çoxalması ilə əlaqələndirirlər.

Cənubi Kaliforniyada isti və rütubətli hava, eləcə də mülayim qış ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradıb. Yerli sakinlər isə bu il həşəratların sayının əvvəlki illərlə müqayisədə qeyri-adi dərəcədə artdığını bildirirlər.

Bəzi sakinlər evlərinə daxil olan ağcaqanadlardan qorunmaq üçün gecələr uzunqollu geyimdə yatmağa məcbur olduqlarını deyirlər.

“Bütün ömrüm boyu burada yaşamışam, amma bu yay gördüyüm qədər ağcaqanad heç vaxt görməmişəm. Hər kəs yalnız bundan danışır. Hətta həyətə çıxmaq, avtomobildə pəncərəni açıq saxlamaq mümkün deyil”, – yerli sakinlərdən biri bildirib.

Səhiyyə mütəxəssisləri Qərbi Nil virusunun əsasən yoluxmuş ağcaqanadların dişləməsi ilə insanlara keçdiyini xatırladırlar.

Mütəxəssislər qorunmaq üçün açıq havada repellentlərdən istifadə etməyi, uzunqollu geyimlərə üstünlük verməyi və evlərin ətrafında yığılan durğun suyu aradan qaldırmağı tövsiyə edirlər.

Denmedia.az