İngiltərədəki Yorkshire Wildlife Park rəhbərliyi bir kişinin ölümünə səbəb olan Altay adlı Amur pələnginin evtanaziya edilməyəcəyini açıqlayıb.
Park sosial şəbəkədə yayımladığı açıqlamada Altayın vəziyyəti ilə bağlı çoxsaylı müraciətlər aldıqlarını bildirib.
“Hər kəsi əmin edə bilərik ki, Altay sağ-salamatdır və bu hadisəyə görə evtanaziya edilməyəcək”, – parkın açıqlamasında qeyd olunub.
Faciə oktyabrın 10-da Cənubi Yorkşirin Donkaster şəhəri yaxınlığında baş verib. Polisə görə, bir kişi pələnglərin saxlanıldığı əraziyə daxil olub və heyvanın hücumuna məruz qalıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilsə də, ağır xəsarətlər alan kişinin həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində ölüb.

Hücumdan sonra parkdakı bütün ziyarətçilər təxliyə edilib. Altayın xəsarət almadığı və bütün müddət ərzində öz volyerində qaldığı bildirilib.
Yorkshire Wildlife Park hadisədən təsirlənən əməkdaşlara xüsusi dəstək göstərildiyini açıqlayıb və ölən şəxsin ailəsinə başsağlığı verib.
Hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün araşdırma davam edir.