Geri qayıt Çap et

İtaliyada təhsil sistemində dəyişiklik: Burka qadağan edilir

İtaliya hökuməti məktəblərdə müsəlman qadınların üzünü örtən burka və niqabın qadağan edilməsini, həmçinin italyan dilini kifayət qədər bilməyən şagirdlərin siniflərdəki payının 30 faizlə məhdudlaşdırılmasını nəzərdə tutan qərarı təsdiqləyib.

Baş nazir Corcia Meloni yeni tədbirləri cəmiyyətdə parçalanmaya deyil, inteqrasiyaya kömək edən məntiqli addımlar kimi qiymətləndirib.

“Məktəbə üzü açıq gəlmək lazımdır”, – deyə Meloni hökumətin planlarını açıqlayarkən bildirib.

Baş nazir vurğulayıb ki, heç kimin ənənələri əsas gətirərək bir qızın üzünü örtməli olduğuna onun əvəzinə qərar vermək hüququ yoxdur.

Təhsil naziri Cüzeppe Valditara isə 30 faizlik məhdudiyyətin vətəndaşlıq deyil, yalnız dil meyarı əsasında tətbiq ediləcəyini bildirib. Nazir burka və niqaba qoyulan qadağanı gender bərabərliyinin təmin edilməsinə yönəlmiş tədbir kimi təqdim edib.

Qadağa yalnız üzü örtən burka və niqaba şamil edilir. Üzü açıq saxlayan hicab isə bu məhdudiyyətə daxil deyil.

Niqab göz ətrafı istisna olmaqla üzü örtən və adətən baş örtüyü ilə birlikdə istifadə edilən geyimdir. Burka isə bütün bədəni və üzü örtən, göz nahiyəsində torlu hissəsi olan geyim növüdür.

Fondazione ISMU araşdırma mərkəzinin məlumatına görə, İtaliya vətəndaşlığı olmayan şagirdlər ölkədəki bütün məktəblilərin 11,6 faizini təşkil edir.

Yeni qaydalara əsasən, 30 faizlik məhdudiyyət təhsil pilləsindən asılı olaraq fərqli şəkildə tətbiq ediləcək.

İbtidai məktəblərdə bu məhdudiyyət İtaliya vətəndaşlığı olmayan, ölkə xaricində doğulan və ya ən azı iki il uşaq bağçasına getməyən şagirdlərə şamil olunacaq.

Orta və yuxarı siniflərdə isə İtaliya vətəndaşlığı olmayan və ölkənin təhsil sistemində ən azı üç il uğurla təhsil almayan şagirdlər bu kateqoriyaya daxil ediləcəklər.

Yerli təhsil qurumları italyan dilini kifayət qədər bilməyən şagirdlərin yaxınlıqdakı məktəblər arasında daha balanslı şəkildə bölüşdürülməsini təmin etməli olacaqlar.

Bunun mümkün olmadığı hallarda qaydalardan istisnalara yol veriləcək və şagirdlər üçün əlavə italyan dili dərsləri təşkil olunacaq.

Denmedia.az