Vaşinqtondakı Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin (Kennedi Mərkəzi) Direktorlar Şurası təhlükəsizlik və yenidənqurma işlərinin aparılması məqsədilə binanın dərhal bağlanmasına qərar verib.
ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Kolumbiya Dairə Məhkəməsi mərkəzin onun şərəfinə adlandırılması ilə bağlı Direktorlar Şurasının qərarına baxana qədər təmir işlərinə başlanılmayacaq. Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mərkəz dərhal bağlanacaq. Lakin çox genişmiqyaslı və mürəkkəb proses olan təmir və yenidənqurma işləri Kolumbiya Dairə Məhkəməsi Direktorlar Şurasının təsdiqlədiyi adla bağlı qərar verənədək başlaya bilməz. Əgər qərar mənfi olarsa – halbuki belə olmamalıdır – və ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilməzsə, Kennedi Mərkəzində yenidənqurma və təmir işləri aparılmayacaq”, – Tramp bildirib.
Tramp həmçinin maliyyə sabitliyinin qorunması məqsədilə özünün topladığı 17 milyon dolların mərkəzin hesabına köçürüldüyünü bildirib.