Fransada dünyaca məşhur mineral su markaları ilə bağlı qalmaqal böyüyür. Nestlé Waters şirkətinə məxsus Perrier, Vittel, Contrex və Hépar sularının illər ərzində qanunvericiliyin “təbii mineral su” üçün icazə vermədiyi təmizləmə və dezinfeksiya üsullarından keçirildiyi bildirilir.
“Le Monde” və “Radio France”ın araşdırmalarına görə, Fransada təbii mineral su mənbədən götürüldükdən sonra dezinfeksiya edilə və 0,8 mikrondan daha incə filtrasiyadan keçirilə bilməz. Məqsəd məhsulun təbii xüsusiyyətlərinin qorunmasıdır.
Lakin aparılan yoxlamalar zamanı Nestlé Waters-ın bəzi müəssisələrində 0,2 mikrona qədər mikrofiltrasiya, aktiv karbon filtrləri və ultrabənövşəyi şüalarla dezinfeksiya sistemlərindən istifadə edildiyi müəyyənləşdirilib. Şirkət bu üsulların, xüsusilə Perrier mənbələrində aşkarlanan bakterial və virus mənşəli çirklənmə ilə mübarizə məqsədilə tətbiq edildiyini bildirib.
Məlumatlarda vurğulanır ki, sözügedən emal üsullarından keçən məhsulların istehlakçılar üçün sağlamlıq təhlükəsi yaratdığı müəyyən edilməyib. Mübahisənin əsas mahiyyəti onların qanunvericiliyə əsasən “təbii mineral su” statusunu qoruyub-qorumaması ilə bağlıdır.
Məsələ ilə əlaqədar hüquqi proses də başlayıb. 2025-ci ilin fevralında Nestlé Waters barəsində məhkəmə araşdırmasına başlanıb və şirkətin Verjez şəhərindəki müəssisəsində axtarışlar aparılıb.
2025-ci ilin mayında dərc edilən Fransa Senatının hesabatında isə dövlət qurumlarının vəziyyətdən ən geci 2022-ci ildə xəbərdar olduğu, lakin müdaxilənin gecikdiyi iddia edilib. Hesabatda şirkətin 15 il ərzində təxminən 3 milyard avro əsassız gəlir əldə etdiyi irəli sürülüb. Nestlé Waters bu hesablamanı və iddianı rədd edib.
Baş verənlər istehlakçı hüquqlarını müdafiə edən təşkilatların da etirazına səbəb olub. Onlar təbii mineral suların adi kran suyundan 100–300 dəfə baha satıldığına diqqət çəkərək, etiketləmə qaydalarının pozulması və haqsız rəqabət iddiaları fonunda sözügedən məhsulların bazardan yığışdırılmasını tələb ediblər.