ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. və həyat yoldaşı Bettina Trampın toyundan sonra keçirilən iki gecəlik şənliyin xərclərinin Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev tərəfindən qarşılandığı bildirilir.
Bettina Tramp sosial şəbəkədə əri ilə birgə imzaladığı açıqlamada Kremlevi ailənin “yaxın dostu” adlandırıb və onun toydan sonrakı iki gecəlik tədbirlərə ev sahibliyi etdiyini bildirib.
Cütlük bunu Kremlevin “son dərəcə səxavətli toy hədiyyəsi” kimi qiymətləndirib:
“Buna görə o zaman da minnətdar idik, indi də minnətdarıq. Dostluğun siyasi motivi olmaq məcburiyyətində deyil. Səxavətin də avtomatik olaraq hansısa məqsəd daşıması demək deyil. Bəzən toy hədiyyəsi sadəcə toy hədiyyəsidir.”
Araşdırmaçı jurnalistika təşkilatı ProPublica isə Kremlevin üç gün davam edən toy şənlikləri üçün yüz minlərlə dollar xərc çəkdiyini iddia edib.
Məsələnin diqqət çəkməsinin əsas səbəblərindən biri Umar Kremlevin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələridir. IBA prezidenti Kremlev bir müddət əvvəl Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunub.
Donald Tramp Jr.-ın Rusiya ilə əlaqələri daha əvvəl də ABŞ ictimaiyyətində müzakirələrə səbəb olub. 2016-cı il prezident seçkiləri dövründə onun rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə Nyu-Yorkdakı “Trump Tower”da keçirdiyi görüş federal və Konqres araşdırmalarının diqqət mərkəzində olmuşdu.