Amazon Floridanın Mayami hava limanında beş nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra yükdaşıma şirkəti 21 Air ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
“The Wall Street Journal”ın məlumatına görə, Amazon-un sözçüsü Kelli Nantel şirkətin qərarı barədə 21 Air rəhbərliyinə məlumat verildiyini bildirib.
“Təhlükəsizlik həm öz fəaliyyətimizdə, həm də tərəfdaşlarımızla əməkdaşlıqda həmişə əsas prioritetimiz olub. Araşdırmaya və hadisədən zərər çəkənlərin hamısına dəstək göstərməyə davam edəcəyik”, – Nantel bildirib.
Məlumata görə, 21 Air logistika maqnatı və beysbol klubunun sahibi Cim Kreynə məxsusdur. Şirkət Amazon-la yanaşı, DHL Express üçün də yükdaşıma xidmətləri həyata keçirir.
Bundan əvvəl Amazon Prime Air üçün uçuş həyata keçirən yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq 396 metr irəliləyib və iki avtomobilə çırpılıb. Qəza nəticəsində beş nəfər həyatını itirib, daha bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.