Kreml sözçüsü Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka ona qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün Avropa İttifaqı Məhkəməsinə müraciət edib.
The Moscow Times-ın məlumatına görə, 26 may 2026-cı il tarixli iddiada Navka Aİ Şurasından sanksiya qərarının ləğvini və ümumilikdə 2 milyon avrodan çox təzminat ödənilməsini tələb edir.
Navka 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra sanksiya siyahısına daxil edilib. Aİ bunu onun Ukraynanın ərazi bütövlüyünü təhdid edən fəaliyyətləri dəstəkləyən şəxslə əlaqəsi və Rusiya tərəfindən ilhaq edilmiş Krımdakı şirkət və daşınmaz əmlaklarla bağlılığı ilə əsaslandırıb.
Tatyana Navka isə Aİ Şurasının onu sanksiya siyahısına daxil etmək üçün kifayət qədər əsas təqdim etmədiyini bildirir. O, sanksiyaların insan ləyaqətinə və ailə həyatına hörmət hüququna zidd olduğunu iddia edir.
Navka maddi zərərə görə təxminən 135 min avro, mənəvi zərərə görə isə 2 milyon avroya yaxın kompensasiya tələb edir.