Anadolu Agentliyinin Kremlin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin ölkənin gəmilərinə əl qoyulması cəhdlərinə qətiyyətlə cavab verilməsi barədə göstəriş verib.
Putin Rusiya Hərbi Dəniz Donanması Günü münasibətilə Sankt-Peterburqda hərbi rəhbərlərlə keçirdiyi görüşdə bu barədə danışıb. Görüş zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev və donanma komandanları əməliyyat vəziyyəti barədə dövlət başçısına məlumat veriblər.
Putin bildirib ki, “bədniyyətli qüvvələr” Rusiyanın, o cümlədən kommersiya donanmasının fəaliyyətinə müdaxilə etməyə çalışırlar.
“Belə hallarda dəniz quldurluğuna qarşı beynəlxalq dəniz hüququ çərçivəsində, lakin qətiyyətlə mübarizə aparılmalıdır”, – deyə Rusiya Prezidenti vurğulayıb.
O, həmçinin Kalininqrad vilayətinin təhlükəsizliyinin Rusiyanın malik olduğu bütün imkanlarla təmin ediləcəyini bildirib.
Putinin sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin bölmələri Ukraynadakı döyüşlərdə iştirak edir və dəniz piyadaları bu il 20-dən çox yaşayış məntəqəsini nəzarətə götürüblər. Bu, Rusiya tərəfinin iddiasıdır.
Rusiya lideri donanmanın inkişaf etdirilməsinin və gəmilərin müasir silahlarla təchiz olunmasının davam etdiriləcəyini də qeyd edib. O, donanmanın ölkənin nüvə qüvvələri sistemində mühüm yer tutduğunu söyləyib.
Putin Ukraynanın qərbindəki bəzi ərazilərlə bağlı da mübahisəli açıqlama verib. Onun iddiasına görə, həmin torpaqlar vaxtilə Polşa, Macarıstan və Rumıniyaya məxsus olub və Ukrayna gec-tez onları itirəcək.
O, Ukraynadakı müharibənin nə vaxtsa başa çatacağını, lakin Rusiyanın qələbə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.