Geri qayıt Çap et

Londonda ölən Səudiyyə şahzadəsinin qanında nə tapıldı?

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, 29 yaşlı şahzadə Abdullah bin Fəhdin Londonda lüks hotel otağında ölümünün səbəbi açıqlanıb. Autopsiya və toksikoloji ekspertizanın nəticələrinə əsasən, onun orqanizmində ölümcül səviyyədə narkotik maddə və yüksək miqdarda alkoqol aşkarlanıb.

Hamam otağında ölü tapılıb

Şahzadə Abdullah bin Fəhd bin Abdullah bin Əbdüləziz bin Cələvi Al Səud noyabrın 25-də Londonun Kensinqton rayonundakı “Marriott” hotelində həyatını itirib.

Gecəliyi 600 funt sterlinq olan otağın hamamında hərəkətsiz vəziyyətdə tapılan şahzadənin həyatını xilas etmək mümkün olmayıb.

Qanında alkoqol normadan təxminən üç dəfə çox olub

London Daxili Qərb Bölgəsi Məhkəməsində keçirilən araşdırma iclasında şahzadənin qanında hər 100 millilitrə 222 milliqram alkoqol olduğu açıqlanıb.

Bildirilib ki, bu göstərici Böyük Britaniyada avtomobil idarə etmək üçün müəyyən edilmiş qanuni həddən təxminən üç dəfə yüksəkdir və təkbaşına komaya səbəb ola bilər.

Ekspertiza zamanı şahzadənin orqanizmində ölümcül miqdarda GHB, marixuana qalıqları, “Xanax” və digər sakitləşdirici preparatlar da aşkarlanıb.

Onun narkotik maddələrlə alkoqolun birlikdə qəbulu nəticəsində infarkt keçirərək öldüyü müəyyənləşdirilib.

Asılılıqdan müalicə alıbmış

Məhkəmə sənədlərində şahzadənin ölümündən əvvəl alkoqol və “Xanax” asılılığı ilə mübarizə apardığı qeyd olunub.

O, ötən ilin avqustunda Londondakı “Priory” klinikasında detoksikasiya müalicəsi keçib. Psixiatr Viktoriya Çamorro şahzadənin müalicəni uğurla başa vurduğunu və klinikadan ayrılarkən intihar riski daşımadığını bildirib.

İntihar ehtimalı təsdiqlənməyib

Şahzadənin noyabrın 19-da bir həftəlik qalmaq üçün hotelə yerləşdiyi məlum olub.

Məhkəmə-tibb eksperti köməkçisi Cin Harkin bildirib ki, əldə edilən sübutlarda şahzadənin həyatına qəsdən son qoymaq niyyətinə dair heç bir əlamət aşkarlanmayıb.

Denmedia.az