Geri qayıt Çap et

Google Avropada milyardlıq cərimədən xilas ola bilmədi

Avropa İttifaqının ali məhkəməsi Google-un Android işi üzrə 4,1 milyard avroluq cəriməsinə qarşı apellyasiya şikayətini rədd edib.

Lüksemburqda yerləşən Avropa İttifaqı Ədalət Məhkəməsi 2022-ci ildə Avropa İttifaqı Ümumi Məhkəməsinin çıxardığı qərarı hüquqi baxımdan əsaslı hesab edib. Beləliklə, Google barəsində tətbiq edilən cərimə qüvvədə qalıb.

İş 2018-ci ildə Avropa Komissiyasının qərarı ilə başlamışdı. Komissiya Google-un Android əməliyyat sistemindən istifadə edən cihaz istehsalçılarına tətbiq etdiyi müqavilə və lisenziya şərtləri vasitəsilə Google Axtarış və Chrome brauzerinin cihazlara əvvəlcədən quraşdırılmasını tələb etdiyini bildirmişdi.

Avropa Komissiyası bunun Google-un bazardakı dominant mövqeyindən sui-istifadə etməsi və rəqabət qaydalarını pozması anlamına gəldiyini açıqlamışdı.

Şirkətə əvvəlcə 4,34 milyard avro cərimə tətbiq edilmişdi. 2022-ci ildə Avropa İttifaqı Ümumi Məhkəməsi cəriməni 4,1 milyard avroya endirsə də, pozuntu faktını qüvvədə saxlamışdı.

Son olaraq Avropa İttifaqı Ədalət Məhkəməsi Google-un şikayətini rədd edərək qərarı təsdiqləyib. Bu qərar Avropa İttifaqının “Big Tech” şirkətlərinə qarşı rəqabət siyasətində mühüm qələbə kimi qiymətləndirilir.

DenMedia.az