Geri qayıt Çap et

Yəməndə gərginlik: Husilər Səudiyyə Ərəbistanını hədələdi

Yəməndə husilər Səudiyyə Ərəbistanını ölkənin hava məkanını pozmaqda ittiham ediblər.

Husi administrasiyasının sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr yerli vaxtla saat 05:20-də husilərin nəzarətində olan hava məkanına daxil olmağa cəhd edib.

Onun sözlərinə görə, bu addım 200-dən çox yəmənlini daşıyan İran mülki təyyarəsinin Sənaya enişinin qarşısını almaq məqsədi daşıyıb. Səri təyyarədə ölkəyə qayıdan, yaralı və xəstə şəxslərin olduğunu bildirib.

Husi sözçüsü iddia edib ki, bu cəhd onların qüvvələri tərəfindən əngəllənib.

Yəhya Səri xəbərdarlıq edib ki, oxşar hal təkrarlanarsa, husilər Səudiyyə Ərəbistanının hava limanlarını və mühüm obyektlərini hədəfə ala bilər.

“Ölkəmizə qarşı istənilən təcavüzə və hava məkanımızın pozulması cəhdlərinə genişmiqyaslı cavab veriləcək”, — deyə o bildirib.

Səri həmçinin Tehran-Səna aviareyslərinin “mümkün nəticələrdən asılı olmayaraq” davam edəcəyini qeyd edib.

Yerli medianın məlumatına görə, Səudiyyə Ərəbistanı tərəfindən qarşısının alınmağa çalışıldığı iddia edilən təyyarə Səna hava limanına problemsiz eniş edib. Daha sonra həmin təyyarənin Tehranda keçiriləcək dəfn mərasimində iştirak edəcək husi nümayəndə heyətini aparmaq üçün yenidən havaya qalxdığı bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndəki vətəndaş müharibəsində beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləyən koalisiyanın əsas iştirakçılarından biridir.

Husilər 2015-ci ildən bu hökumətlə müharibə vəziyyətindədir. Münaqişə yüz minlərlə insanın ölümünə və ölkədə ağır humanitar böhrana səbəb olub. 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra tərəflər arasında döyüşlər əsasən səngimişdi. 

DenMedia.az