Çinli milyarder Qo Venquy, digər adı ilə Maylz Qo, ABŞ-da kriptodələduzluq işi üzrə 30 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə AP News məlumat yayıb.
Məhkəmə həmçinin onun 889 milyon dollar məbləğində kompensasiya ödəməsinə qərar verib.
Prokurorluğun versiyasına görə, iş adamı internetdəki izləyicilərini saxta investisiya sxemlərinə cəlb edib.
Qo Venquy 10 ildən çox əvvəl Çini tərk edib və Çin Kommunist Partiyasının tənqidçisi kimi çıxış edib. ABŞ-da aparılan istintaq zamanı onun xaricdə yaşayan çinli icmaların etimadından istifadə edərək kriptovalyuta ilə bağlı layihələr vasitəsilə pul topladığı bildirilib.
Biznesmen 2023-cü ilin martında həbs olunub.
ABŞ Ədliyyə Nazirliyi həmin vaxt açıqlamışdı ki, o, Himalaya adlı kriptovalyuta ekosistemi vasitəsilə zərərçəkənlərdən 262 milyon dollardan çox vəsait əldə edib.
2024-cü ilin iyulunda andlılar məhkəməsi Qo Venquyu dələduzluq və sövdələşmə üzrə 9 ittiham bəndi ilə təqsirli bilib.
Prokurorluq iddia edib ki, o, əldə etdiyi pulları malikanələrə, yaxtalara, idman avtomobillərinə və dizayner əşyalarına xərcləyib.