Avropa Komissiyası və Avropa Şurasında bir çox şəxs Avropa Xarici Fəaliyyət Xidmətinin — EEAS-in ləğv edilməsinin tərəfdarıdır. Bu barədə Politico qəzeti yazıb.
Nəşrin məlumatına görə, hazırda Kaya Kallasın rəhbərlik etdiyi qurum ciddi böhranla üzləşib. Politico-ya danışan 10 hazırkı və keçmiş diplomat bildirib ki, xidmətin aydın missiyası yoxdur və o, Avropa Komissiyasının daha geniş maliyyə resursları və siyasi imkanları ilə rəqabət aparmaqda çətinlik çəkir.
Bundan başqa, Kaya Kallas avropalı diplomatlar tərəfindən mütəmadi olaraq tənqid edilir. Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri isə onun Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə şəxsi rəqabətidir. Politico yazır ki, bu rəqabət həm Avropa Komissiyasında, həm də EEAS daxilində çalışan bir çox əməkdaş tərəfindən qeyd olunur.
EEAS Avropa İttifaqının xarici siyasət və diplomatik fəaliyyətini əlaqələndirən qurumdur. Son həftələrdə Avropa diplomatik strukturunun yenidən qurulması ilə bağlı müzakirələr aktivləşib; Reuters də Fransa tərəfindən EEAS-in islahatı ilə bağlı variantların irəli sürüldüyünü yazıb.