Geri qayıt Çap et

Netanyahu dəstəklədi: İsrail erməni soyqırımını tanıdı

İsrail Nazirlər Kabineti XX əsrin əvvəlində Osmanlı imperiyasında ermənilərin kütləvi ölümü ilə nəticələnən hadisələrin soyqırımı kimi tanınması barədə qətnaməni təsdiqləyib. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.

Bir neçə gün əvvəl Saar tərəfindən irəli sürülən təşəbbüs İsrailin Baş naziri Binyamin Netanyahu və digər nazirlər tərəfindən dəstəklənib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Saar bunu İsrailin yəhudi dövləti kimi “mənəvi borcu” adlandırıb.

“İsrail hökuməti bu gün təqdim etdiyim erməni soyqırımının tanınması ilə bağlı qətnamə layihəsini təsdiqlədi”, — deyə Saar bildirib.

O vurğulayıb ki, “100 ildən çox əvvəl baş vermiş bu dəhşətli soyqırım, tarixi faktları ciddi mübahisə doğurmayan hadisələr nəticəsində 1,5 milyon insanın ölümünə səbəb olub”.

Erməni soyqırımı adlandırılan hadisələr Osmanlı imperiyasında 1914–1918-ci illərdə erməni əhalisinin kütləvi deportasiyası və qırılması ilə əlaqələndirilir. Müasir Türkiyə ermənilərin həlak olması faktını qəbul etsə də, “soyqırımı” terminini rədd edir və qurbanların sayı ilə bağlı rəqəmləri mübahisələndirir.

DenMedia.az