ABŞ-ın keçmiş prezidenti Co Bayden növbəti dəfə ictimai tədbirdə yöndəmsiz vəziyyətə düşüb. Hadisə Merilend ştatında Demokratlar Partiyasının qala-gecəsində baş verib. Bu barədə The New York Post yazıb.
Nəşrin məlumatına görə, Bayden tədbirdə çıxış edərək ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib. Lakin çıxışdan sonra səhnəni hansı tərəfdən tərk etməli olduğunu anlamaq üçün köməyə ehtiyac duyub.
“Şənbə günü keçmiş prezident Co Bayden Demokratlar Partiyasının qala-gecəsində yenidən səhnəyə çıxdı və prezident Trampı sərt şəkildə tənqid etdi. Amma səhnədən necə çıxacağını anlamaq üçün ona bir qədər kömək lazım oldu”, — deyə nəşr yazıb.
Məlumata görə, Bayden səhnədən çıxmaq üçün əvvəlcə iki fərqli istiqamətə işarə edib. Daha sonra “ən uyğun marşrutu” müəyyənləşdirdikdən sonra tamaşaçılara arxasını çevirərək səhnədən uzaqlaşıb.
The New York Post qeyd edir ki, Bayden ictimai tədbirlər zamanı tez-tez oxşar yöndəmsiz hallarla gündəmə gəlir. Daha əvvəl Cənubi Karolinada çıxışından sonra pilləkənlə enərkən ona kömək lazım olmuşdu. Həmin çıxışda Bayden Rusiya Prezidenti Vladimir Putinlə digər dünya liderlərindən daha çox görüşdüyünü bildirmişdi.
Bundan əvvəl isə Bayden Detroytda təyyarənin trapından enərkən az qala yıxılmışdı. O zaman 80 yaşlı siyasətçi tarazlığını itirərək büdrəmiş, lakin yıxılmadan enməyi bacarmışdı.