ABŞ-ın Texas ştatında Qreysi adlı zürafə Sedar-Hollou ekzotik heyvanlar rançosundan qaçıb. Bu barədə The New York Times ferma meneceri Vik Consa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zürafə təxminən bir həftə yarım əvvəl yoxa çıxıb və həmin vaxtdan bəri onu heç kim görməyib. Menecer bildirib ki, heyvan darvazanın üzərindən keçərək Hill-Kantri bölgəsi istiqamətində gedib.
“Bu zürafə digərlərindən fərqli olaraq ərazidə gəzir və yuxarıya — kanyon boyunca uzanaraq yerdən xeyli hündürdə bitən ağac budaqlarından yeməyə çalışırdı”, — deyə Cons bildirib.
Sedar-Hollou rançosunda ekzotik heyvanlar digər fermalara satılmaq üçün yetişdirilir. Qreysinin adı açıqlanmayan sahibi zürafənin yeri və taleyi barədə istənilən məlumata görə 5 min dollar mükafat təklif edib.
Cons heyvanın axtarışları ilə bağlı nikbinliyini qoruduğunu deyib.
Qəzetin məlumatına görə, bu, rançodan zürafələrin qaçdığı ilk hadisə deyil. Daha əvvəl də fermadan bir neçə erkək zürafə qaçmışdı. Onlar Texasda baş verən güclü qasırğalar səbəbindən geri qayıtmışdılar.