Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən getmək ehtimalını istisna etmədiyini və ölkənin baş naziri postuna namizədliyini irəli sürmək variantını nəzərdən keçirdiyini bildirib.
Vuçiç “Belqrad” radiosunun efirində deyib:
Mən istefaya getməyi planlaşdırıram, bu barədə sizə məlumat verəcəyəm, heç kim üçün sürpriz olmayacaq. Prezident iqamətgahında kitablarımı yığmağa başlamışam, onların sayı çoxdur.
O qeyd edib ki, səlahiyyətlərini hətta üç-dörd aydan daha tez də təhvil verə bilər.
Dövlət başçısı həmçinin bildirib ki, ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürmək imkanını “hər gün” düşünür.
Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib, 2022-ci ildə isə ikinci müddətə yenidən seçilib. Onun prezidentlik səlahiyyətləri 2027-ci ildə başa çatır.