Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə tikinti sektorunda işçi qüvvəsi çatışmazlığı olduğunu bildirib və vətəndaşları xaricdə deyil, respublika daxilində iş axtarmağa çağırıb.
Geğarkunik vilayətində seçki kampaniyası çərçivəsində çıxış edən Paşinyan xatırladıb ki, 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Ermənistan hakimiyyəti əmək miqrasiyası imkanlarının azalacağından narahat idi.
Onun sözlərinə görə, hökumət ölkə daxilində iş yerləri yaratmaq üçün kapital tikintisinin həcmini artırmağa üstünlük verib.
“Bu gün Ermənistanda tikinti qüvvələri çatışmır”, deyə Baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, əvvəllər xaricdə işləyən bir çox şirkət indi layihələri Ermənistan ərazisində həyata keçirir.
Qeyd edək ki, daha əvvəl, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə, erməni vətəndaşları üçün Rusiyaya girişlə bağlı miqrasiya güzəştləri ləğv olunacaq, işə düzəlmək isə yalnız patent əsasında mümkün olacaq.