Geri qayıt Çap et

Tramp süni intellektlə bağlı yeni fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp süni intellektlə bağlı yeni fərman imzalayıb.

DHA-nın məlumatına görə, Ağ Ev tərəfindən yayımlanan fərman “Gelişmiş Yapay Zeka İnovasyonunu ve Güvenliğini Teşvik Etme” adlanır.

Fərmanın məqsədi ABŞ-ın süni intellekt sahəsində “qlobal liderliyini” qorumaq, innovasiyaların qarşısındakı bürokratik maneələri azaltmaq və milli təhlükəsizliyi gücləndirməkdir.

Ağ Evin açıqlamasına görə, Tramp administrasiyası süni intellekt hazırlayan şirkətlər üzərindəki məhdudiyyətləri azaltmaqla texnoloji inkişafı və iqtisadi investisiyaları sürətləndirməyi hədəfləyir.

Fərmanda “Öncə Amerika” yanaşması çərçivəsində aparılacaq kibertəhlükəsizlik tədbirlərinin həm milli təhlükəsizliyi, həm də ABŞ-ın “qlobal süni intellekt üstünlüyünü” artıracağı bildirilib.

Sənəddə ABŞ siyasətinin özəl sektorla əməkdaşlıq edərək süni intellekt innovasiyasını və təhlükəsizliyini təşviq etmək olduğu vurğulanıb. Aidiyyəti qurumlara sistemlərin kibermüdafiəsinə üstünlük vermək üçün 30 gün vaxt verilib.

Fərmana əsasən, 60 gün ərzində ABŞ-ın qabaqcıl süni intellekt modellərinin kiber imkanlarını qiymətləndirmək üçün məxfi müqayisə prosesi hazırlanacaq. Hansı sistemlərin “əhatə dairəsində olan aparıcı model” sayılacağı da bu prosesin nəticəsində müəyyən ediləcək.

Bundan başqa, fərmanda yeni süni intellekt modellərinin hazırlanması, yayımlanması və ya istifadəyə verilməsi üçün hökumət tərəfindən məcburi lisenziya, əvvəlcədən icazə və ya xüsusi ruhsat tələb olunmayacağı qeyd edilib.

Eyni zamanda, istəyən tərtibatçılar modellərini bazara çıxarmazdan əvvəl 30 günədək təhlükəsiz və məxfi şəkildə federal hökumətin yoxlamasına təqdim edə biləcəklər.

DenMedia.az