Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, hazırda Ermənistanda baş verənlər istər-istəməz Ukraynadakı Avromaydanı xatırladır.
O, bu barədə “Telegram” kanalında yazıb.
Volodin xatırladıb ki, Qələbə günü ərəfəsində Yerevanda Avropa Siyasi Birliyinin sammiti keçirilib. Sammitə Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti ilə xarici liderlər qatılıblar. Volodinin sözlərinə görə, tədbirin qonaqları arasında Ukrayna Prezidenti Volodimir Zelenski də olub və onun səfəri, spikerin fikrincə, Ermənistan rəhbərliyinin şəxsi dəvəti əsasında təşkil edilib.
Dövlət Dumasının sədri bildirib ki, bu cür addımları Rusiyaya, Rusiya vətəndaşlarına, eləcə də Ermənistan cəmiyyətinin bir hissəsinə münasibətdə dostcasına qəbul etmək çətindir. Bununla yanaşı, o vurğulayıb ki, məsələni suverenlik problemi kimi deyil, daha çox siyasi etika və qarşılıqlı hörmət baxımından qiymətləndirir.
Volodin qeyd edib ki, Rusiya ərazisində yaşayan ermənilər digər millətlərin nümayəndələri ilə bərabər hüquqlara malikdir, müxtəlif vəzifələr tutur və deputat seçilirlər. Bu kontekstdə o, Paşinyanın addımlarından sonra Rusiya və Ermənistan münasibətlərinin bundan sonra necə inkişaf edəcəyi sualını qaldırıb.
Volodin fikrini belə yekunlaşdırıb:
İstər-istəməz belə bir paralel yaranır: Ukraynada da hər şey məhz belə başlamışdı. Görəsən, bu, Ermənistanın sıravi vətəndaşlarına lazımdırmı?