Avropa Komissiyası İspaniyanın Tenerife adasında MV Hondius kruiz gəmisində hantavirus ocağına düşən Avropa vətəndaşlarının repatriasiyası üzrə səyləri koordinasiya edib. Bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Eva Hrnçirova açıqlayıb.
O, bazar ertəsi Brüsseldə keçirilən brifinqdə bildirib:
Mülki müdafiə mexanizmi çərçivəsində dörd reys təşkil olunub. Sərnişinləri, ekipaj üzvlərini və daha geniş mənada insanları qorumaq üçün qüvvədə olan bütün sanitar protokolları tətbiq etmişik. İspaniyanın idarə etdiyi təxliyə prosedurlarına fəal dəstək göstərmişik. Logistika, nəqliyyat və ya avadanlıqla bağlı ehtiyac yaranacağı təqdirdə daim hazır vəziyyətdəyik.
Bununla yanaşı, o qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son qiymətləndirmələrinə əsasən, avropalıların hantavirusa yoluxma riski aşağıdır.