Böyük Britaniyanın media tənzimləyicisi Ofcom Telegram platforması ilə bağlı rəsmi araşdırmaya başlayıb. Məlumata görə, messencer üzərindən uşaqlara qarşı seksual zorakılıq məzmunlu qanunsuz materialların yayıla biləcəyi ehtimalı yoxlanılır.
Tənzimləyici bildirib ki, araşdırma 2023-cü il “Onlayn təhlükəsizlik haqqında” qanun çərçivəsində aparılır. Məqsəd platformanın bu cür materialların yayılmasının qarşısını almaq üzrə öhdəliklərə əməl edib-etmədiyini müəyyənləşdirməkdir.
Ofcom vurğulayıb ki, Böyük Britaniyada uşaqlara qarşı seksual zorakılıq məzmunlu materialların həm yayılması, həm də saxlanılması qadağandır. Eyni zamanda, istifadəçilər arasında əlaqə yaradan platformalar belə ağır cinayət risklərini qiymətləndirməli və minimuma endirməlidir.