Geri qayıt Çap et

Məşhur marka qalmaqalda - uşaq qidasında siçan zəhəri tapıldı

Avstriyada məşhur Hipp markasına aid uşaq qidalarında təhlükəli maddə aşkarlanıb. Bu barədə CBC News Avstriya polisinə istinadən məlumat yayıb.

Məlumata görə, Burgenland bölgəsində yaşayan bir şəxs Spar mağazalar şəbəkəsindən aldığı tərəvəz püresinin şübhəli olduğunu bildirib. Onun sözlərinə görə, məhsul əvvəlcədən açılmış kimi görünürdü. Aparılan laborator analizlər nəticəsində bankalarda siçan zəhəri olduğu müəyyən edilib.

Polis qeyd edib ki, həmin məhsulların alt hissəsində qırmızı dairə işarəsi olub və qapaqlarının qoruyucu plombu zədələnmiş vəziyyətdə olub.

Hadisədən sonra Spar şirkəti məhsulları təkcə Avstriyada deyil, həmçinin Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı ümumilikdə 1500 supermarketdən geri çağırıb.

Hipp şirkəti də uşaq qidalarında zəhər izlərinin tapıldığını təsdiqləyib və bunun “kənar cinayət müdaxiləsi” ilə bağlı ola biləcəyini bildirib. İstehsalçı vətəndaşlara bu məhsullardan istifadə etməməyi tövsiyə edib.

DenMedia.az