ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika nümayəndə heyəti danışıqlar üçün İslamabada yollanır və 20 aprel axşamı oraya çatacaq.
O, Truth Social platformasında paylaşımında qeyd edib:
“Mənim nümayəndələrim Pakistanın İslamabad şəhərinə gedir — onlar sabah axşam orada danışıqlar üçün olacaqlar”
Tramp eyni zamanda İranı atəşkəs razılaşmasını pozmaqda və Hörmüz boğazında atəş açmaqda ittiham edib.
ABŞ lideri İranın boğazın bağlanması ilə bağlı açıqlamalarını da tənqid edərək bildirib ki, Amerika blokadası artıq bunu faktiki olaraq həyata keçirib. Onun sözlərinə görə, Tehran bu vəziyyətdə gündə təxminən 500 milyon dollar itirir, ABŞ isə heç bir itki vermir.
Tramp əlavə edib ki, Vaşinqton İran üçün “çox ədalətli və məntiqli razılaşma” təklif edir və ümid edir ki, Tehran bunu qəbul edəcək.
“Əks halda biz bu ölkədəki hər bir elektrik stansiyasını və hər bir körpünü məhv edəcəyik”
— deyə o, bildirib.
“İranın ölüm maşınına son qoymağın vaxtıdır” - ABŞ prezidenti çıxışının sonunda vurğulayıb.