Geri qayıt Çap et

Bali “rus” və “ukrayna” kəndlərini ləğv etdi - FOTO

İndoneziyanın Bali adasında yerli hakimiyyət qeyri-rəsmi “rus” və “ukrayna” kəndləri”nin yaradılmasına son qoyub.

Bu barədə adanın qubernatoru İ Vayan Koster RIA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son dövrlərdə adaya Rusiya və Ukraynadan gələn turist və investorların sayı xeyli artıb. Bu şəxslərin bir hissəsi Ubud bölgəsində kompakt şəkildə məskunlaşaraq qeyri-rəsmi etnik yaşayış məntəqələri formalaşdırıb.

Qubernator vurğulayıb ki, bu cür təcrübə İndoneziya qanunlarına və yerli mədəniyyət normalarına ziddir:

“Mən Gianyar rayonunun rəhbərindən və polis rəisindən qayda yaratmağı tələb etdim. Nə rus kəndi, nə də ukrayna kəndi olmalıdır. Əgər burada yaşayırlar, qanunlara və yerli mədəniyyətə uyğun yaşamalıdırlar.”

Aparılan yoxlamalar və hüquqi tədbirlərdən sonra, Kosterin sözlərinə görə, bu cür qeyri-rəsmi məskunlaşmalar tam aradan qaldırılıb və hazırda adada belə “kəndlər” mövcud deyil.

DenMedia.az