ABŞ-ın birinci xanımı Melaniya Tramp mediada yayılan və onu maliyyəçi Ceffri Epşteyn ilə əlaqələndirən iddiaları kəskin şəkildə təkzib edib. O, Ağ Evdə çıxışı zamanı bu xəbərləri reputasiyasına qarşı yönəlmiş qərəzli kampaniya adlandırıb.
Melaniya Tramp bildirib ki, Epşteynlə heç vaxt dostluq münasibəti olmayıb, yalnız Nyu-York və Florida kimi eyni sosial mühitlərdə təsadüfi qarşılaşmalar baş verib. O həmçinin vurğulayıb ki, nə bu şəxsin qurbanı olub, nə də onun qeyri-qanuni fəaliyyəti barədə məlumatı olub.
“Məni rüsvayçı Ceffri Epşteynlə əlaqələndirən yalanlar bu gün dayandırılmalıdır. Mənim haqqımda yalan yayanlar etikadan, təvazökarlıqdan və hörmətdən uzaqdır. Onların cahilliyinə etiraz etmirəm, amma nüfuzuma zərbə vurmaq cəhdlərini qətiyyətlə rədd edirəm.”
Bu açıqlama bir sıra Qərb KİV-lərində, o cümlədən Telegraph nəşrində yayılan xəbərlərə cavab olaraq səsləndirilib. Birinci xanım məsələ ilə bağlı Hanter Baydenə qarşı 1 milyard dollarlıq iddia qaldırmaqla hədələyib.