Geri qayıt Çap et

"FBI xainləri bağışlamayacaq": ABŞ-ın keçmiş kəşfiyyat zabiti saxlanıldı

FBI ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş əməkdaşını saxlayıb. Bu barədə qurumun rəhbəri Kaş Patel məlumat verib.

Saxlanılan şəxs gizli məlumatları mediaya ötürməkdə şübhəli bilinir.

“Bu, bütün potensial məlumat sızdıranlar üçün xəbərdarlıqdır: biz bu cür hallarla məşğul oluruq və həbslər həyata keçiririk. FBI ölkəni satmağa və amerikalıları təhlükəyə atmağa çalışanlara dözməyəcək”, — deyə Kaş Patel bildirib.

O, əlavə edib ki, bu cür hərəkətlər dərhal ABŞ təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir və araşdırma davam edir.

Hadisə Donald Trampın son açıqlamaları fonunda daha böyük rezonans doğurub. ABŞ prezidenti naməlum media orqanını sərt tənqid edib. Söhbət İranda vurulan F-15 qırıcısının pilotunun xilas edilməsi ilə bağlı məlumatın yayılmasından gedir.

Məlumata görə, Tramp hesab edib ki, bu sızma ikinci ekipaj üzvünün axtarış əməliyyatını çətinləşdirib və bütün missiyanı risk altına qoyub.

“Bu informatoru tapmalıyıq, çünki bu, təhlükəli bir vəziyyətdir… Onlar bu missiyanı ciddi risk altına qoyublar”, — deyə Donald Tramp vurğulayıb.

DenMedia.az