Qazaxıstanda yeni Konstitusiya üzrə referendum üçün səsvermə başlayıb.
Bazar günü ölkə üzrə səsvermə məntəqələri açılıb. Məntəqə komissiyaları saat 06:00-da işə başlayıb, səsvermə isə 07:00-da start götürüb və 20:00-dək davam edəcək. Məntəqələr bağlandıqdan sonra səslərin sayılmasına başlanacaq və bu prosesə maksimum 12 saat vaxt ayrılıb.
Ümumilikdə ölkədə 10 min 388 səsvermə məntəqəsi fəaliyyət göstərir, onların 71-i 54 xarici ölkədə yerləşir.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Muxtar Erman bildirib ki, 2026-cı il 15 mart saat 07:00-a olan məlumata görə bütün 10 min 388 məntəqədə səsvermə başlayıb. Onun sözlərinə görə, 92 məntəqədə isə səsvermə yerli komissiyaların qərarı ilə 06:00-da başlanıb.
Siyahılara 12 milyon 461 min 796 vətəndaş daxil edilib. Vətəndaşların yazılı müraciətləri əsasında 17 min 514 nəfərə başqa məntəqədə səs vermək hüququ verən arayış təqdim olunub.
Referendumda vətəndaşlara belə sual təqdim olunur:
“Kütləvi informasiya vasitələrində 12 fevral 2026-cı ildə dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”
Seçicilər “Bəli, qəbul edirəm” və ya “Xeyr, qəbul etmirəm” variantlarından birini seçə bilərlər.
Səsvermə üçün 12 milyon 586 mindən çox bülleten hazırlanıb və onlar qazax və rus dillərində çap olunub.
Qazaxıstanın əhalisi 20,5 milyondan çoxdur, referendumda isə 12 milyon 461 min 796 nəfər səsvermə hüququna malikdir. Referendum seçicilərin yarısından çoxu iştirak edərsə baş tutmuş hesab olunacaq, qərar isə səsvermədə iştirak edənlərin yarıdan çoxu “lehinə” səs verərsə qəbul ediləcək.
Referendumun nəticələrinin səsvermə günündən sonra yeddi gün ərzində — 21 martadək elan ediləcəyi bildirilir.
Konstitusiya referendumu 38 xarici ölkədən və 11 beynəlxalq və regional təşkilatdan müşahidəçilər tərəfindən izlənilir. Səsverməni işıqlandırmaq üçün 31 ölkədən 68 xarici media qurumunun 185 nümayəndəsi akkreditasiya olunub.
Yeni Konstitusiya qəbul edilərsə, 2026-cı il 1 iyuldan qüvvəyə minəcək. Əsas dəyişikliklər arasında vitse-prezident vəzifəsinin yaradılması, 145 deputatdan ibarət birpalatalı parlamentin formalaşdırılması və qanunvericilik təşəbbüsü hüququna malik Xalq Şurasının yaradılması nəzərdə tutulur.