Geri qayıt Çap et

İranda hücumların ağır nəticəsi: yüzlərlə qadın və uşaq həlak oldu

ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində 400-dən çox qadın və azyaşlı həlak olub. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Qurum zərbələr nəticəsində ölən və yaralananlarla bağlı ətraflı statistikanı açıqlayıb. Məlumatı ISNA agentliyi yayıb.

Nazirliyin məlumatına görə, 223 qadın həyatını itirib. Həlak olan 18 yaşına çatmamış şəxslərin sayı 202 nəfərdir, onlardan 12-si isə 5 yaşdan kiçik uşaqlardır.

Bildirilib ki, zərbələr nəticəsində 2729 qadın və 1190 azyaşlı yaralanıb.

Hücumlar ölkənin tibbi infrastrukturuna da ciddi zərər vurub. Səhiyyə Nazirliyinin məlumatına əsasən, 16 tibb işçisi həlak olub.

Bundan əlavə, 32 təcili tibbi yardım avtomobili və 152 tibb müəssisəsi zədələnib, onlardan altısı evakuasiya edilib.

İranın BMT-də daimi nümayəndəsi Əmir Səid İravaninin sözlərinə görə, ölkədə hücumlar nəticəsində ümumi ölənlərin sayı 1,3 mindən çoxdur. Lakin diplomat qeyd edib ki, bu statistika 7 mart tarixindən sonra yenilənməyib.

Onun sözlərinə görə, 10 mart vəziyyətinə görə İranda yaralıların sayı 15 mindən çox olub.

DenMedia.az