İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə ABŞ və İsrail obyektlərinə qarşı yeni zərbələr dalğasının başladığını elan edib. Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Bildirilir ki, SEPAH “True Promise 4” əməliyyatı çərçivəsində həssas və strateji obyektlərə qarşı bir neçə yeni hücum dalğasına start verib.
Məlumata görə, Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin qərargahına dörd raket, həmçinin Küveytdə yerləşən ABŞ-ın Arifcan hərbi bazasına iki raket buraxılıb.
Bu arada İsrail Ordusu (SAXAL) gecə ərzində İrandan İsrail istiqamətinə dördüncü raket buraxılışının qeydə alındığını açıqlayıb.
CNN telekanalının məlumatına görə, İran pilotsuz uçuş aparatı Bağdad hava limanı yaxınlığında yerləşən ABŞ-a məxsus diplomatik obyektə zərbə endirib. Hələlik mümkün itkilər barədə məlumat yoxdur, ziyanın miqyası araşdırılır.
Öz növbəsində Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib ki, Şeyba neft yatağı istiqamətində uçan beş dron və krallığın şərqində daha iki pilotsuz aparat zərərsizləşdirilib.
Eyni zamanda Livanın dövlət informasiya agentliyi son saatlarda ölkəyə qarşı bir neçə İsrail hücumu nəticəsində altı nəfərin öldüyünü bildirib.
Al Jazeera telekanalı isə İsrailin Tehranda yerləşən bir banka zərbə endirdiyini və nəticədə bir nəfərin öldüyünü qeyd edib.