Geri qayıt Çap et

Tehran Hörmüz boğazı ilə bağlı ittihamlara cavab verdi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazı vasitəsilə neft daşımalarının ləngiməsi İranın fəaliyyəti ilə bağlı deyil. Onun sözlərinə görə, bu vəziyyət ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində yaranıb.

PBS telekanalına müsahibəsində Əraqçi qeyd edib ki, regionda təhlükəsizliyin pozulmasına səbəb ABŞ və İsrailin hücumlarıdır.

“Bu bizim günahımız deyil və planımız da deyil. Neft daşımalarının ləngiməsi və ya dayanması bizimlə bağlı deyil. İsrail və ABŞ-ın bizə qarşı hücumları regionu təhlükəli edib”, — deyə Abbas Əraqçi bildirib.

Nazirin sözlərinə görə, mövcud vəziyyət səbəbindən neft tankerləri Hörmüz boğazından keçməkdən çəkinirlər.

O vurğulayıb ki, İran boğazı bağlamayıb və gəmilərin keçidinə mane olmur.

Əraqçi həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda Vaşinqtonla danışıqlar gündəmdə deyil.

“Düşünmürəm ki, amerikalılarla danışıqlar gündəmdə olacaq”, — deyə o əlavə edib.

Denmedia.az