Geri qayıt Çap et

Tehran Xameneinin ölümünə görə qisas elan etdi: genişmiqyaslı əməliyyat hazırlanır

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin ölümü ilə bağlı bəyanat yayaraq qisas alınacağını bildirib.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

SEPAH-ın açıqlamasında qeyd olunur ki, “cinayəti törədənlər cəzalandırılacaq” və cavab qəti və sərt olacaq. Qurum həmçinin Xameneinin müəyyən etdiyi siyasi xəttin davam etdiriləcəyini və hücuma görə məsul şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

SEPAH ölkə vətəndaşlarına müraciət edərək birlik və milli həmrəylik nümayiş etdirməyə çağırıb.

Bundan əlavə, Fars agentliyinin məlumatına görə, SEPAH İsrail və Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yönəlmiş “ən böyük hərbi əməliyyata” hazırlaşdığını açıqlayıb. Hücumun yaxın vaxtlarda başlaya biləcəyi bildirilir, lakin detalları açıqlanmayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı da bəyanat yayıb. ISNA-nın gətirdiyi mətndə deyilir:

“Biz ABŞ-ı igid xalqımızın gücü ilə peşman edəcəyik və bu müdrik liderin yolunu son damla qanımıza qədər davam etdirəcəyik.”

İran hökuməti də Xameneinin ölümü ilə bağlı açıqlama verərək hadisənin cavabsız qalmayacağını bəyan edib. Al Jazeera-nın məlumatına görə, hökumət bildirib:

“Bu böyük cinayətin əmrini verən və həyata keçirənlər peşman ediləcək. İran bu çətin mərhələni başı dik keçəcək.”

İran Prezidenti Məsud Pezeşkian da hadisəni “cinayət” adlandırıb və bunun islam dünyasının tarixində yeni səhifə açacağını qeyd edib.

DenMedia.az