Geri qayıt Çap et

Deportasiya siyasəti davam edir – hədəf “təhlükəli cinayətkarlar”

ABŞ qeyri-qanuni miqrasiyaya yardım göstərməkdə şübhəli bilinən Özbəkistan vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edib.

Bu barədə RİA Novosti ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Araşdırma nəticələrinə görə, həmin şəxslər xarici vətəndaşların, o cümlədən azyaşlıların Mərkəzi Amerikadakı hava limanları və tranzit zonaları vasitəsilə ABŞ-a qanunsuz daxil olmasını təşkil ediblər.

Rəsmi açıqlamada bildirilir ki, məhdudiyyətlər iki özbək vizə rəsmiləşdirmə şirkətinin rəhbər və vəzifəli şəxslərinə şamil olunur. Onların ABŞ-a qanunsuz miqrasiya etmək niyyətində olan əcnəbilərə bilərəkdən “turizm xidmətləri” göstərdikləri qeyd edilir.

Eyni zamanda bəyanatda ABŞ-ın, qeyri-qanuni miqrasiyanı təşkil edən cinayətkar qruplaşmalara qarşı mübarizədə sıx əməkdaşlığa görə Özbəkistan hökumətinə təşəkkür etdiyi vurğulanır.

ABŞ Prezidenti Donald Trump fevralın 5-də bildirib ki, qeyri-qanuni miqrantların deportasiyası siyasəti yalnız ağır cinayətlər törətmiş şəxslərə yönəlib. Onun sözlərinə görə, federal qurumların prioriteti “həqiqətən təhlükəli cinayətkarlar”dır.

DenMedia.az