ABŞ prezidenti Donald Trump Kanadanın Ontario əyalətini ABŞ-ın Michigan ştatı ilə birləşdirəcək körpünün açılışını bloklayacağını bildirib. Trampın sözlərinə görə, bu addım ABŞ “tam kompensasiya” alana və körpünün aktivinin azı yarısına sahib olana qədər davam edəcək.
O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb:
“Birləşmiş Ştatlar onlara verdiyimiz hər şeyə görə tam kompensasiya almayana və Kanada ABŞ-a layiq olduğumuz ədalət və hörmətlə yanaşmayana qədər bu körpünün açılmasına icazə verməyəcəyəm. Dərhal danışıqlara başlayacağıq.”
Tramp hesab edir ki, ABŞ bu körpünün ən azı 50 faizinə sahib olmalıdır.
Qeyd olunur ki, körpü Detroit (ABŞ) ilə Windsor (Kanada) şəhərlərini birləşdirəcək. ABŞ Nəqliyyat Nazirliyinin qiymətləndirməsinə görə, layihənin dəyəri 4 milyard dollardan çox olacaq.
Körpünün tikintisi Kanada federal hökuməti tərəfindən maliyyələşdirilir. Gözləntilərə əsasən, xərclər körpüdən keçid haqqı hesabına ödəniləcək.