Geri qayıt Çap et

ABŞ-da işsizlik dalğası güclənir: ixtisarlar üç dəfə artdı

ABŞ əmək bazarı son 17 ilin ən ciddi sarsıntısını yaşayır. Yanvar ayında ABŞ-da işəgötürənlər 108 mindən çox iş yerini ixtisar edib ki, bu da 2009-cu ildən bəri ilin ilk ayı üçün ən yüksək göstəricidir. Bu barədə Bloomberg məlumat yayıb.

Vəziyyət işə qəbul planlarının kəskin azalması ilə daha da ağırlaşıb. Bu göstərici 13 faiz enərək ilin əvvəli üçün tarixi minimuma — cəmi 5 306 nəfərə düşüb.

Dekabr ayında təxminən 36 min nəfər işini itirdiyi halda, yanvarda ixtisarların sayı üç dəfə artıb. Ən böyük zərbə nəqliyyat, texnologiya və səhiyyə sektorlarında çalışanların payına düşüb.

Mütəxəssislər kütləvi ixtisarların əsas səbəbləri kimi müqavilələrin itirilməsi, mürəkkəb iqtisadi vəziyyət və genişmiqyaslı biznes restrukturizasiyasını göstərirlər. Bloomberg qeyd edir ki, bu rəqəmlər ABŞ əmək bazarında artan qeyri-sabitliyə işarə edir.

Denmedia.az