Geri qayıt Çap et

"Əbu-Dabidə üçtərəfli danışıqlar: müharibənin sonu üçün ilk konturlar" - BBC

"Danışıqlar zamanı müharibənin başa çatdırılması ilə bağlı əsas istiqamətlər müzakirə olunub..."

Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən iki günlük üçtərəfli danışıqlar başa çatıb.

DenMedia.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin bildirdiyinə görə, bu format uzun müddətdən sonra ilk real və genişmiqyaslı təmas olub və müzakirələr əsasən müharibənin mümkün başa çatdırılması parametrlərinə fokuslanıb.

Zelenski qeyd edib ki, danışıqlar konstruktiv atmosferdə keçib və prosesə hər üç tərəfin hərbi nümayəndələri də cəlb olunub. Tərəflər müzakirə olunan bütün istiqamətlər üzrə əldə edilən nəticələri paytaxtlarında təqdim etmək və liderlərlə növbəti addımları razılaşdırmaq barədə razılığa gəliblər. Növbəti görüşün gələn həftə keçirilməsi ehtimal olunur.

Birbaşa təmaslar və hərbi blokda irəliləyiş

Məlumata görə, danışıqlar zamanı Ukrayna və Rusiya nümayəndələri arasında birbaşa təmaslar da olub. Bu, klassik "vasitəçi diplomatiyası"ndan fərqli olaraq tərəflərin eyni danışıqlar məkanında təmas qurduğunu göstərir. ABŞ rəsmiləri görüşləri "pozitiv" və "məhsuldar" adlandırıblar.

Mənbələrin bildirdiyinə görə, əsas irəliləyiş hərbi məsələlər üzrə əldə olunub. Atəşkəs rejiminin monitorinqi, mümkün nəzarət və koordinasiya mexanizmləri, həmçinin bu prosesdə hansı ölkələrin iştirak edə biləcəyi müzakirə edilib. Tərəflər növbəti görüşə qədər atəşkəsin hansı hallarda pozuntu sayılacağına dair konkret təkliflər hazırlamağı öhdələrinə götürüblər.

Ərazi məsələsi və ABŞ-ın təhlükəsizlik zəmanətləri

Eyni zamanda ən problemli mövzu kimi Ukraynanın ərazi məsələsi qalır. Bu istiqamətdə ciddi razılaşma əldə olunmayıb. ABŞ rəsmiləri "Politico"-ya açıqlamalarında vurğulayıblar ki, istənilən postmüharibə ssenarisində Ukrayna üçün əsas rol məhz Amerikanın təhlükəsizlik zəmanətlərinə məxsusdur.

ABŞ tərəfi həmçinin iqtisadi məsələlərin, o cümlədən Zaporojye AES-in gələcək statusunun müzakirə edildiyini bildirib. Vaşinqtonda hesab edirlər ki, hazırkı danışıqlar yalnız atəşkəsə deyil, uzunmüddətli deeskalasiyaya və qarşılıqlı etimadın formalaşmasına zəmin yaratmalıdır.

Ümumi mənzərə

Əbu-Dabi danışıqları hələlik yekun razılaşma ilə nəticələnməsə də, tərəflər arasında dialoqun davam etməsi və hərbi texniki məsələlərdə irəliləyiş əldə olunması prosesin tam dalana dirənmədiyini göstərir. Növbəti görüşlərin taleyi və mümkün siyasi qərarlar yaxın həftələrdə aydınlaşacaq.