29 dekabr 2025-ci il tarixinə olan məlumata görə, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Ədalət Missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb.
DenMedia.az Çinin “Sinhua” agentliynə istinadən xəbər verir ki, ÇXAO-nun quru, dəniz, hava və raket qoşunları Tayvanın şimalında, cənub-qərbində, cənub-şərqində və şərqində yerləşən beş zonada cəmləşdirilib. Təlimlər çərçivəsində patrullaşdırma, əsas limanların blokadası, quru və dəniz hədəflərinə zərbələrin işlənməsi, eləcə də xarici qüvvələrin qarşısının alınması ssenariləri məşq edilir.
Pekin bu fəallığı “sərt xəbərdarlıq” kimi təqdim edir. Çin tərəfi gərginliyin artmasını ABŞ-ın Tayvana 11,1 milyard dollar həcmində yeni hərbi yardım paketi ilə izah edib.
Buna cavab olaraq Tayvan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və mümkün hücum ssenarilərinin dəf edilməsi üzrə cavab təlimləri keçirilir.
Çin rəsmiləri bildirirlər ki, görülən tədbirlər milli suverenliyin qorunması üçün qanuni addımlardır. Hazırda birbaşa hərbi toqquşma və ya işğal faktı qeydə alınmayıb, lakin Tayvanın 24 millik bitişik zonasındakı hərbi aktivlik kritik səviyyə kimi qiymətləndirilir.