Geri qayıt Çap et

Tbilisidə çevriliş iddiası: Baço Axalaya həbs edildi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ölkənin keçmiş müdafiə naziri Baço Axalayanı oktyabrın 4-də Tbilisidə prezident iqamətgahına hücum cəhdinin təşkili ittihamı ilə saxlayıblar. Bu barədə DTX rəsmi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, Axalayanın hücumun digər təşkilatçıları ilə 4 oktyabr günü həyata keçirdiyi internet əlaqələri dəqiqə-dəqiqə sübut olunub.

“Axalayanın digər təşkilatçılarla internet əlaqələri konspirasiya məqsədilə həyat yoldaşı Anna Nadareişvili vasitəsilə həyata keçirilib”, — deyə DTX-nın açıqlamasında qeyd olunur.

Məlumata əsasən, Anna Nadareişvili ilə bağlı da istintaq tədbirləri aparılır.

Baço Axalaya 2009–2012-ci illərdə Mixail Saakaşvilinin hökumətində Gürcüstanın müdafiə naziri vəzifəsini tutub. “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra, o, 2012-ci ildə 2005-ci ildə Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinə rəhbərlik etdiyi dövrdə məhbuslara işgəncə verməkdə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

Axalaya 2022-ci ilin mart ayında azadlığa buraxılıb.

Xatırladaq ki, 4 oktyabrda Gürcüstan Daxili İşlər Nazirliyi yerli seçkilərin nəticələrinə etiraz edən aksiya iştirakçılarının prezident iqamətgahının hasarını zədələdiyini və binaya daxil olmağa cəhd göstərdiyini açıqlamışdı.

DenMedia.az