ABŞ prezidenti Donald Tramp Braun Universitetində baş verən atışmadan sonra “Green Card” (DV1 – Diversifikasiya Lotereyası) proqramının fəaliyyətini dayandırıb. Hücumda şübhəli bilinən Portuqaliya vətəndaşı Neveş Valente ölkəyə məhz bu proqram vasitəsilə daxil olub.
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkə X-də yazıb:
“Prezident Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə DV1 proqramının dərhal dayandırılması barədə əmr verirəm. Bu zərərli proqram səbəbindən amerikalıların təhlükə ilə üzləşməsinə yol verilə bilməz.”
Nazir şübhəli şəxs barədə əlavə edib:
“Bu dəhşətli insana ölkəmizə daxil olmağa heç vaxt icazə verilməməli idi.”
48 yaşlı Portuqaliya vətəndaşı Neveş Valente Braun Universitetində baş verən silahlı hücumda şübhəli bilinir. Hadisə nəticəsində iki tələbə həyatını itirib, doqquz nəfər yaralanıb. Valente eyni zamanda Massaçusets Texnologiya İnstitutunun (MIT) professorunun qətlində də şübhəli şəxs kimi göstərilir.
Xəbər verdiyimiz kimi, Valente 18 dekabr tarixində ölü tapılıb. İlkin ehtimallara görə, o, intihar edib.
Rəsmi məlumata görə, Valente 2017-ci ildə DV1 proqramı vasitəsilə ABŞ-a immiqrasiya edib. Bu proqram qaliblərə ABŞ-da daimi yaşayış icazəsi almaq imkanı verir.
Qeyd olunur ki, Valente ABŞ-a ilk dəfə 2000-ci ildə Braun Universitetində təhsil almaq üçün tələbə vizası ilə daxil olub. Təhsilini bitirdikdən sonra 2017-ci ilə qədər harada olduğu barədə məlumat verilmir.