64 yaşlı Harold Nikols bu ilin əvvəlindən bəri ABŞ-da edam edilən 46-cı məhkum olub. Bununla da ölkədə bir il ərzində həyata keçirilən edamların sayı son 15 ilin maksimumuna çatıb. Sonuncu dəfə bu qədər edam 2010-cu ildə qeydə alınmışdı. Bu barədə “Kommersant” ABŞ-da Ölüm Hökmü İnformasiya Mərkəzinin məlumatlarına istinadla yazır.
Nikols zorlama və qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi. Onun qurbanı 1988-ci ildə 20 yaşlı tələbə qız olub. Məhkum daha sonra başqa qadınlara hücum etdiyini də etiraf edib. O, 35 il ölüm kamerasında saxlanılıb.
“Peşmanam”, — deyə Nikols edamdan az əvvəl törətdiyi cinayətlər barədə bildirib.
Qeyd edək ki, ABŞ-da ölüm cəzalarının icrası 2021-ci ildə Co Baydenin tətbiq etdiyi moratoriumla dayandırılmışdı. Yanvar ayında yenidən hakimiyyətə qayıdan Donald Tramp isə moratoriumu ləğv edib.